Hava çox istidirsə…
Bilməli, əməl etməli olduğumuz və hüquqlarımız nələrdir?
Hər bir fəsil kimi, yayın da öz gözəlliyi var, lakin havaların bəzən normadan artıq isti keçməsi yaratdığı diskomfortla orqanizmimizə və iş prosesimizə təsirsiz ötüşmür. Son günlər ölkə ərazisində anomal dərəcədə olmasa da, yüksək temperatur müşahidə edilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəsmi proqnozlarında havanın temperaturunun +42, hətta +43 dərəcə selsiyə qədər yüksəldiyi qeyd olunur. Açıq günəş altında göstərilən istinin hiss ediləninin daha da çox olduğunu nəzərə alsaq, səhhətimizi qorumaq üçün lazım olanları bilmək və əməl etmək zərurətə çevrilir. Nələri bilməliyik, hava çox istidirsə, özümüzü necə qorumalıyıq?
Tibb üzrə fəlsəfə doktoru, həkim Telman Əmirovun sözlərinə görə, isti yay aylarında günorta saatlarında açıq günəş altında mümkün qədər az qalmaq lazımdır: “Havanın temperaturu +40 dərəcəni keçdikdə insanların açıq günəş altında işləməsi onların səhhəti üçün təhlükəlidir. Çünki bu, günvurmaya səbəb ola bilər və saat 11:30-dan 15:30-16:00-dək işə fasilə verilməlidir. Günvurmanın əsas əlamətləri hərarətin yüksəlməsi, halsızlıq, qusma və ishal olsa da, vaxtında ilkin tibbi yardım göstərilməzsə, koma, ürək tutması kimi ağırlaşmalara, hətta insanın ölümünə səbəb ola bilər. Hipertoniya, ürək-damar xəstəlikləri olanlar özlərini isti havada açıq günəş altında qalmaqdan daha çox qorumalıdırlar”.
T.Əmirov kondisioner və digər soyuducu qurğularla təmin olunmuş qapalı məkanlardan birdən-birə isti havaya çıxmağın da düzgün olmadığını bildirdi: “Soyuq mühitdən çıxıb kəskin istiyə düşən zaman insan orqanizmində konpensasiya olmayan kəskin təzyiq qalxması, diskomfort halları müşahidə edilə bilər. Odur ki, mühitin birdən-birə dəyişdirilməsi, soyuducu qurğular işləyən soyuq otaqdan, əsasən də günorta saatlarında açıq günəş altına çıxmaq məsləhət deyil”.
Belə havalarda qidalanmaya da diqqət yetirmək lazımdır. Həkimlərin tövsiyəsinə görə, çoxlu maye qəbul etmək, meyvə-tərəvəzdən çox istifadə etmək vacibdir. Təzyiqin qalxmasına səbəb olduğu üçün şirin və yağlı un məmulatlarından, qoyun ətindən mümkün qədər uzaq durmaq tövsiyə edilir.
Qeyd edək ki, havanın temperaturunun normadan artıq olması zamanı görülməli olan tədbirlər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulub və işəgötürənlərin öhdəlikləri müəyyənləşməklə, vətəndaşların hüquqlarının qorunması təmin edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi Aynur Osmanqızı “İki sahil”ə açıqlamasında bildirdi ki, əmək qanunvericiliyinin bu və digər tələbələrini pozan işəgötürənlər İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar: “Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu +41 dərəcə selsidən çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır. İşçilərə sərinləmək üçün imkan yaradılmalı, onlara sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən olunmuş fasilələr verilməlidir. Bu zaman əmək şəraiti şərtləri imkan verdiyi hallarda günün isti vaxtında iş dayandırılaraq, yəni uzun fasilə verərək, iş günü hissələrə bölünməklə iş rejimi tənzimlənə bilər. Məcəlləyə əsasən, bu fasilələr iş vaxtına daxil edilir və fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir. İş dayandırıldıqda boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Əmək qanunvericiliyinin tələbləri nəzərə alınmadıqda, işçilərin əmək hüquqlarının pozulması halları baş verdikdə, edilən müraciətə əsasən fakt dərhal rəsmi qeydiyyata alınır və araşdırılır”.
A.Osmanqızı onu da qeyd etdi ki, ötən 2 ayda işçilər tərəfındən bu faktla bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə heç bir şikayət daxil olmayıb.

