Azərbaycan quruculuq missiyası ilə nümunə göstərir
Vətən müharibəsində tarixi qələbəsi ilə Azərbaycan Cənubi Qafqazda tam yeni reallıq yaradıb. Bölgədə dayanıqlı sülhü, təhlükəsizliyi təmin etmək üçün imkanlar yaranıb. Hazırda işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərini sürətlə davam etdirən dövlətimiz, əslində, öz gücünü artırmaqla yanaşı, qonşu ölkələrin də sülh və əmin-amanlıq şəraitində yaşaması, iqtisadi dirçəlişə nail olmaları üçün geniş imkanlar təklif edir. Bununla da Azərbaycan quruculuq missiyası ilə digər dövlətlərə nümunə göstərir. Azərbaycanın təklifini düzgün dəyərləndirmək hazırda Ermənistan üçün tarixi fürsətdir. Belə ki, öz işğalçı siyasəti ucbatından uzun illər iqtisadi blokadada olan Ermənistan, nəhayət, bu təcriddən çıxmaq, qonşu ölkələrlə normal münasibətlər qurmaq imkanı əldə edib.
Azərbaycan öz ali məqsədinə çatıb, torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyünü təmin edib. İndi Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etməlidir. Bu ölkə həm Azərbaycan, həm də Türkiyəyə qarşı əsassız ərazi iddialarını birdəfəlik unudub öz qonşuları ilə normal əlaqələr qurmağa çalışmalıdır. Ermənistan bu işdə beynəlxalq hüququn bütün müddəalarına hörmət göstərməli, işğalçılıq siyasətinin heç bir millətə fayda vermədiyini dərk edərək səmimi iradə ortaya qoymalıdır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılışında və Zəngəzur dəhlizinin təməlqoyma mərasimindən sonra bəyan etdiyi kimi, Ermənistan Azərbaycanla münasibətlərində səmimi iradə ortaya qoyacağı təqdirdə, Türkiyə ilə də münasibətlərin normallaşması üçün heç bir əngəl qalmayacaq. Ermənistan Azərbaycana və Türkiyəyə qarşı olan ərazi iddialarından birdəfəlik əl çəkməyə məcburdur. Bu ölkə öz konstitusiyasında və hərbi doktrinasında bu cür iddiaları ifadə edən müddəalara da dəyişikliklər etməlidir.
Ermənistan anlamalıdır ki, dövlət sərhədləri müvafiq BMT sənədləri ilə təsbitini tapıb. Bu sərhədlərin pozulmasına istənilən cəhd beynəlxalq hüququn kobud pozulmasıdır. Belə ki, dövlətlərin suveren ərazisi toxunulmazdır. Ermənistan hazırda yaranmış tarixi şansdan yararlana bilər, onun başqa yolu yoxdur.
Metin Hüseynov – politoloq

