Gəncə şəhəri infrastrukturun inkişafı baxımından Bakıya yaxınlaşır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Gəncə şəhərində səfərdə olmuşdur. Prezident İlham Əliyevin Gəncəyə səfər proqramı məhsuldar qrafiklə yadda qaldı. Prezident Gəncə Dövlət Dram Teatrının yeni binasının, 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin” və Azərbaycan Dəmir Yolları” QSC-nin lokomotiv deposunun açılışlarında iştirak etmiş və Gəncə İdman Sarayında aparılan tikinti işlərinin gedişi ilə tanış olmuşdur. Dövlət başçısı Gəncə Memorial Kompleksinin təməlini qoymuşdur.
Azərbaycan Prezidenti tərəfindən Gəncəyə səfərin, əslində, böyük ictimai-siyasi əhəmiyyəti var. Bu, ilk növbədə, Azərbaycanın ikinci şəhərinin infrastrukturu baxımından Bakıya yaxınlaşması layihəsinin gerçəkləşməsinə xidmət edən bir addımdır. Bildiyimiz kimi, Prezident İlham Əliyev illərdir bölgələrdə böyük layihələrin həyata keçirilməsinə çalışır ki, təkcə Bakıdan ibarət bir infrastruktur modeli olmasın. Həmçinin Azərbaycanın bütün bölgələrinə yayılan və şəhərlərin rifahına xidmət edən bir sistem qurulsun. Bu proqramın mərkəzində də Gəncə şəhəri dayanır. Gəncə həm ölkəmizin ən böyük ikinci şəhəri, həm də Qarabağ bölgəsinə yaxınlığı ilə seçilən yerlərdəndir. Gəncə Qarabağda gedən proseslərin idarəetməsində proseslərin çevikliyinə təkan verə bilər. Kəlbəcərin, Laçının, Tərtərin, Ağdam zonasının bərpası və inkişafı baxımından Gəncənin logistik məkan olması bu cəhətdən önəmlidir.
Günümüzün reallıqlarından biri də budur ki, Vətən müharibəsindən sonra regionda tamamilə yeni iqtisadi imkanlar yaranıb. Tamamilə fərqli təhlükəsizlik konfiqurasiyası mövcuddur. Azərbaycanın əldə etdiyi qələbə, nəticə etibarilə, həm də Cənubi Qafqazın tarixində yeni bir dövrün başlaması üçün unikal imkanlar formalaşdırıb. Gəncədə Prezident İlham Əliyevin beynəlxalq ictimaiyyətə verdiyi mesaj və Azərbaycan cəmiyyətinə çağırışı idi. Belə ki, dövlətimizin başçısı erməni faşizmi təhlükəsinin hələ də qaldığını vurğuladı. Bildirdi ki, başqa dövlətlər də erməni faşizminin bir daha dirçəlməməsi üçün səfərbər olmalıdırlar. Ermənistanda faşizmin təbliğ olunmasına qarşı təkcə bizdə yox, hər yerdə reaksiyalar verilməlidir. Əgər erməni faşizmi məhv olmasa, bölgədə gələcək problemlərə yol aça bilər. Dövlətimizin başçısı bildirdi ki, bölgədə yenə də erməni təhlükəsi yaranarsa, Azərbaycan güclü, əzmli bir ölkə kimi onu məhv edəcəkdir. Prezident İlham Əliyev bir daha Azərbaycan cəmiyyətini bir olmağa səslədi. Çünki xalq dövlət başçısına güvənirsə, çox şeyin öhdəsindən gələ bilər. Necə ki, 44 günlük Vətən müharibəsində xalq öz Liderinə, dövlətinə dəstək olduğu üçün tarixi Zəfər qazandıq. Qüdrətli Azərbaycan Respublikası hər zaman erməni təxribatlarının qarşısını qətiyyətlə alacaq, erməni revanşist qüvvələrin bütün cəhdləri boşa çıxacaqdır.

Vüsal Fərəcov,
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi

