Siyasət 

Amerika Bakıda vətəndaş cəmiyyətini inqilaba hazırlayır? – sərt reaksiya

Milli Demokratiya Fondu hakimiyyət əleyhinə xüsusi proqram hazırlayıb; gənc partiya sədri: ““NED” kimi anti-Azərbaycan təşkilatların təsiri altında olan QHT-lərin ifşa olması lazımdır”

Ötən həftə ABŞ-ın aparıcı QHT-si olan, postsovet məkanında daha çox mistik ‘’NED’’ abbreviaturası ilə tanınan Milli Demokratiya Fondunun sonuncu hesabatı yayıldı. “Yeni Müsavat” xatırladır ki, hesabatda vətəndaş cəmiyyəti nümayəndələrinə, QHT-lərə yeni maliyyə ayrılması nəzərdə tutulur. Bu haqda haqqin.az portalı yazmışdı ki, “’NED’’ Azərbaycan hakimiyyəti əleyhinə təxribat strategiyasını maliyyələşdirmək üçün xüsusi proqram hazırlayıb.

Təşkilat hesabatında Azərbaycandakı yeni etirazçı QHT-lərin fəaliyyət göstərəcəyi istiqamətləri açıqlayıb. Məlumata görə, amerikalılar etirazçı qüvvələrin əvvəlki, 2010-2015-ci illərdəki maliyyələşmə sistemini bərpa etməyi planlaşdırır, intellektual və yaradıcı gənclikdən yeni inqilabi sosial baza formalaşdırmaq, bölgələrdə siyasi aktivliyi artırmaq məqsədi güdür.

Bundan başqa, “korrupsiya ilə mübarizə” kimi populyar sosial şüarla mübarizəni gücləndirməyə və yalançı faktoloji baza əldə etməyə, tenderlər üzərində nəzarəti artırmağa və bununla da yeni yaradılan vətəndaş cəmiyyəti üçün “korrupsiyaçı və antixalq hakimiyyətlə ədalətli mübarizə”nin yeni gündəliyini, ideya-siyasi əsasını hazırlamağa çalışır”, – deyə qeyd olunurdu. İddia olunur ki, ‘’NED’’ təşkilatının 2022 planlarında Azərbaycan üçün xüsusi vəsait ayrılıb. “Amerika pulları Gürcüstanda nağdlaşdırılır və oradan Bakıdakı müxalifətçilərə daşınır”, – deyə sonda bildirilir. Bildirilir ki, bu planlarda “NED”lə yanaşı Azərbaycan əleyhinə fəaliyyəti ilə tanınan liberal “Freedom House”, habelə  etirazların nüvəsinin – gəncliyin siyasi aktiv kəsiminin fəallaşdırılması və ardınca hakimiyyətin dəyişdirilməsi ssenarisini hazırlamaq işinə cəlb edilən Çexiyanın PIN təşkilatı iştirak edir.

Azərbaycan yenə hədəfdə: Qərbin yeni “inqilab planı”na Bakıdan reaksiya

ABŞ xüsusi xidmət orqanları ilə sıx əlaqədə olan məhz bu üç Qərb QHT-si dekabrın 10-da, Vaşinqtonda ilk “Demokratiya sammiti” keçirilən vaxt Belqradda Azərbaycandakı vəziyyətlə bağlı müşavirə təşkil edib. Tədbirin sponsoru NED, təşkilati dəstəkçiləri isə “Freedom House” və PIN olub. Diqqət çəkən odur ki, tədbir də, dinləmələr də KİV və sosial şəbəkələrdə əksini tapmayıb, məsləhətləşmələr isə daha çox məxfi xarakter daşıyıb. Yada salaq ki, “NED’’ Soros institutları ilə birlikdə ”Ukrayna iğtişaşı”, “Ermənistan qarışıqlığı”, “Qırğızıstan parlament inqilabı”, “Yaxın Şərq apokalipsisi” kimi proseslərin maliyyələşdirilməsinə cəlb olunub. Bəs “NED” Azərbaycanda vətəndaş cəmiyyətini ölkədə qarışıqlıq yaratmaq üçün səfərbər edə bilərmi?

Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlunun “Yeni Müsavat”a bildirdiyinə görə, vətəndaş cəmiyyətinin inkişafı labüddür. Onun fikrincə, ictimai nəzarətin güclənməsinə ehtiyac var və bunu dövlət rəhbərliyi də dilə gətirib. GAP sədri, bununla belə, hesab edir ki, “NED” kimi anti-Azərbaycan təşkilatların təsiri altında olan QHT-lərin ifşa olunması lazımdır: “Ona görə həmin təşkilatın vətəndaş cəmiyyətinə maliyyə ayırması normaldır, qoy ictimaiyyət bununla kimlərin içüzünün nədən ibarət olduğunu görsün”.

Ağasif Şakiroğlu — Vikipediya

Ağasif Şakiroğlu

Partiya sədrinin sözlərinə görə, “NED” tərəfindən açıqlanan hesabatla tanışdır və Azərbaycana qarşı təhlükə görmür: “Çünki onların bu niyyətinə Azərbaycan gəncliyinin uyacağını güman etmirəm. Gənclik dövlətə sədaqətini 2020, 27 sentyabrdan başlamış möhtəşəm qələbə ilə sübut edib. Ona görə beynəlxalq təşkilatların müxtəlif projelərini görmüşük, maliyyələşməsinə şahid olmuşuq. Hətta bu illər ərzində 20-30 milyon vəsait xərclənib, amma heç bir nəticəsi olmayıb. Ona görə nəticəsi olmayıb ki, Azərbaycan gəncliyi ölkənin sabitliyini üstün tutub, dövlətə sədaqətini nümayiş etdirib. Eyni zamanda xüsusi xidmət orqanlarımız kifayət qədər məlumatlıdırlar, peşəkardırlar, xaricdən hansısa planlar varsa, ölkə daxilində xaos yaratmaq niyyəti güdənlər olursa, bunun qarşısı zamanında alınır”. A.Şakiroğlu inanır ki, istər intellektual gənclik, istər sivil toplum olsun, xalq-dövlət həmrəyliyini davam etdirəcək, ölkədə sabitliyin qorunub saxlanılmasına dəstək verəcək: “Azərbaycana qarşı xain niyyətləri olanlar bu arzularını ”demokratiyanın inkişafına dəstək” adı ilə həyata keçirə bilməyəcəklər. Ümumiyyətlə, “NED”in Bakıdakı ofisi xeyli vaxtdır bağlanıb, hələ o zaman məlum olub ki, heç də xoşməramlı niyyətlə ölkəmizə gəlməmişdi. Çünki bu təşkilatlar rəngli inqilablara, xaosa sponsorluq edirlər. Əgər Azərbaycanda qarışıqlığa, iğtişaşların olmasına dəstək vermək istəyən QHT-lər olacaqsa, onlar tezliklə ifşa ediləcəklər”. Qeyd edək ki, 1983-cü ildə yaranmış ABŞ-ın Milli Demokratiya Fondu dünyanın 90-dan çox ölkəsində demokratiya naminə QHT-lərin layihələrinə dəstək məqsədilə hər il 1000-dən artıq qrant hazırlayır.

Daha çox xəbərlər