Gündəm 

Azərbaycan-Türkiyə münasibətləri müttəfiqlik səviyyəsindədir

Ötən ay Azərbaycan və Türkiyə arasında diplomatik münasibətlərin qurulmasının (bərpasının) (14 yanvar 1992-ci il) 30 ili tamam oldu. Türkiyə ilə Azərbaycan arasında münasibətlərin tarixi əslində Azərbaycanın müstəqilliyini ilk dəfə elan etdiyi 1918-ci ildən başlayır. Lakin ötən 30 il ərzində Ankara ilə Bakı arasında münasibətlər “Bir millət, iki dövlət” prinsipi əsasında daha da inkişaf edərək, müttəfiqlik səviyyəsinə qədər yüksəldi.

Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq ənənələri sarsılmazdır. Ümummilli lider Heydər Əliyevin Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi və daimi olduğunu təcəssüm etdirən “Biz bir millət, iki dövlət” müdrik kəlamı bu gün də hər iki dövlətin vətəndaşlarının şüarıdır, onlar üçün örnəkdir. Bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir.

Qardaş Türkiyə ərazilərimizin işğal atında saxlanıldığı 30 ilə yaxın dövrdə bütün beynəlxalq kürsülərdə Azərbaycanın haqlı mövqeyini müdafiə edib. Xatırladaq ki, məhz Türkiyə ərazilərimizin işğalına etiraz olaraq Ermənistanla sərhədlərini də bağladı və təzyiqlərə rəğmən açmadı. İkinci Qarabağ müharibəsi dövründə, 44 günlük Zəfər salnaməsinin yazıldığı günlərdə Azərbaycan-Türkiyə qardaşlığı növbəti sınaqdan da alnıaçıq çıxdı. Yenə Türkiyə Azərbaycanı birmənalı şəkildə dəstəklədi. Qardaş ölkənin Prezidenti başda olmaqla 84 milyonluq Türkiyə “Can Azərbaycan!” deyib bizə çox böyük siyasi və mənəvi dəstək göstərdilər. Göründüyü kimi, Azərbaycanla Türkiyə arasındakı hamının şahidi olduğu dostluq və qardaşlıq münasibətləri yalnız regional yox, həm də beynəlxalq miqyasda bütün ölkələr üçün bir nümunədir.

Milli Qurtuluş Günündə – 15 iyun 2021-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsini imzaladılar. Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik haqqında Bəyannamə  Qarabağ Zəfərindən sonra qazanılan növbəti tarixi uğur, düşmənlərimizə vurulan ikinci ən böyük zərbə idi. Dövlət başçısı İlham Əliyev Şuşada Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında ölkələrimiz arasındakı bu qardaşlığı belə şərh etdi: “İmzalanmış Bəyannamə tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amildir. Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk”.

Xatırladaq ki, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ndə siyasi, iqtisadi, ticari əlaqələr, mədəniyyət, təhsil, idman, enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizi, müdafiə sənayesindəki əməkdaşlıq, hərbi əməkdaşlıq və qarşılıqlı hərbi yardım, Zəngəzur dəhlizi və s. mühüm məsələlər öz əksini tapıb. Şuşa Bəyannaməsinin tarixi Qars müqaviləsinin (1921-ci il) analoqu olduğu qeyd olunur və Azərbaycanın ərazi bütövlüyünü xarici təsirlərdən birgə müdafiə edilməsinə hüquqi baza yaradır. Bəyannamədə diqqəti çəkən ən vacib məqamlardan biri də məhz hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar. Bəyannamədə deyilir: “Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır”. Yeri gəlmişkən xatırladaq ki, NATO-nun üzvü olan Türkiyə dünyanın aparıcı ordularından birinə malikdir.

Fevralın 23-də Prezident İlham Əliyev TASS agentliyində Rusiyanın aparıcı KİV-lərinin rəhbərləri ilə görüşü zamanı “Nezavisimaya qazeta”nın baş redaktoru Konstantin Remçukov sual ünvanlayaraq dövlət başçısından Azərbaycan-Türkiyə münasibətlərini səciyyələndirməyi xahiş etdi. Prezident İlham Əliyev cavabında Şuşa Bəyannaməsini xatırladaraq bildirdi ki, bu da bizim malik olduqlarımızın formallaşdırılması idi:  “ Çünki Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri birinci il deyildi ki, mövcud idi. Türkiyə Azərbaycanı müstəqil dövlət kimi tanıyan ilk ölkə idi. Biz müstəqil dövlət kimi ən birinci addımlardan Türkiyə tərəfindən mənəvi dəstəyi hiss etdik. Son illər ərzində Prezident Ərdoğanın prezidentliyi dövründə və mənim dövrümdə, – bu dövrlər ümumilikdə daha çox üst-üstə düşür, – biz faydalı əməkdaşlıq fəaliyyətimizin əmsalını əhəmiyyətli şəkildə artırmışıq. Belə bir misal çəkim: Azərbaycan Türkiyə iqtisadiyyatına 19 milyard dollar, Türkiyə isə Azərbaycana 13 milyard dollar sərmayə qoyub. Podratçı kimi Türkiyə şirkətləri tərəfindən icra olunan çoxlu infrastruktur layihələri var”.

İşğaldan azad olunmuş torpaqlarımızda aparılan bərpa-quruculuq işlərindən bəhs edən Prezident İlham Əliyev bəyan edib ki, bütün bərpa işləri yalnız Azərbaycanın vəsaiti hesabına aparılır: “ Deməliyəm ki, biz bütün bərpa işlərini yalnız öz vəsaitimiz hesabına görürük, biz heç kimdən nə kredit qismində, nə də hansısa müftə kömək kimi bir manat, rubl və ya dollar almamışıq. Biz hər şeyi öz hesabımıza edirik, lakin podratçı kimi Türkiyə şirkətlərindən çox fəal istifadə edirik”.

Daha çox xəbərlər