Qarabağın və Şərqi Zəngəzurun bərpasında “yaşıl enerji” prinsip əsas götürülür
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi islahatları bütün sahələrdə inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev son 18 ildə regionların sosial-iqtisadi inkişafını xüsusi diqqət mərkəzində saxlamış, bu istiqamətdə kompleks tədbirlər həyata keçirmişdir. “Bizim iş üslubumuz belədir: bölgələrdə problemi müəyyən etmək, onun həlli üçün lazım olan yolları müəyyən etmək, axtarmaq və tədbirlər planı hazırlamaq. Bunu etmək üçün artıq bizim maliyyə imkanlarımız da var” deyən dövlət başçısının həyata keçirdiyi uğurlu strategiya nəticəsində Azərbaycan qısa müddətdə dünyanın sürətlə inkişaf edən, bütün sahələrdə yeniləşən dövlətlərindən birinə çevrilmişdir.
Azərbaycanda 2004-cü ildən başlayaraq, regionların sosial-iqtisadi inkişafına dair qəbul edilən Dövlət proqramları da ölkəmizin tərəqqisində önəmli rol oynayıb. Bu proqramların icrası respublikamızın hərtərəfli inkişafının təmin edilməsinə, paytaxtla bölgələr arasında fərqin azalmasına səbəb olub. Təsadüfi deyil ki, proqramların qəbulundan sonra regionlarda onlarla kiçik, orta və böyük həcmli müəssisələr istifadəyə verilib, müasir infrastruktur yaradılıb, turizm inkişaf edib, aqrar sektorda məhsul istehsalı dəfələrlə artıb.
Regionların inkişafından bəhs edərkən işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərini də xüsusi qeyd etmək lazımdır. 30 il ərzində erməni tapdağında qalaraq yerlə-yeksan edilən Azərbaycanın incisi Qarabağda və Şərqi Zəngəzurda aparılan yenidənqurma işləri bütün dünyanın diqqət mərkəzindədir. Artıq erməni vandalizminin izləri bu ərazilərdən yavaş-yavaş silinir. Tarixi abidələr bərpa olunur, yeni yol-nəqliyyat infrastrukturu yaradılır, yüksəkgərginlikli elektrik xətləri çəkilir, yeni yarımstansiyalar inşa olunur. Bu genişmiqyaslı prosesdə xarici ölkələrin şirkətləri də yaxından iştirak edirlər. Əlbəttə, Qarabağın bərpası təkcə Azərbaycanın deyil, bütövlükdə regionun iqtisadiyyatının mühüm tikintisi olacaq, regional əməkdaşlığın daha da güclənməsinə təkan verəcək.
Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərin bərpası Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapmışdır. Bu məsələnin növbəti illərdə ölkənin sosial-iqtisadi inkişafına dair beş milli prioritetdən biri olaraq müəyyən edilməsi ölkə rəhbərliyinin məsələyə böyük əhəmiyyət verdiyini təsdiqləyir. Bununla bağlı Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın işğaldan azad olunmuş ərazilərin bərpası ilə əlaqədar böyük planı var: “Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam. Bizim hamımızdan asılıdır ki, bu sözlər yerinə yetirilsin. Ona görə 2021-ci il bu baxımdan çox əlamətdar olmalıdır”.
Ölkə başçısı cənab Prezident İlham Əliyev fevralın 23-də TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşdə də bu məsələyə toxunaraq bildirmişdir ki, işğaldan azad edilmiş ərazilərdə ötən il bərpa və quruculuq işləri üçün 1 milyard 300 milyon dollar ayrılmışdır.
Artıq Ağdam, Füzuli, Şuşa şəhərlərinin tikintisinin Baş planları işlənib hazırlanıb, digər şəhərlərinki də yaxın vaxtlarda təsdiqlənəcək. Layihələrin hər biri plan üzrə işlənilib hazırlanaraq vaxtında təqdim olunur. “Yaşıl enerji” prinsipinin əsas götürüldüyü Qarabağ və Şərqi Zəngəzurun bütün zonası “yaşıl enerji” zonası və “ağıllı şəhərlər”, “ağıllı kəndlər” konsepsiyasında yenidənqurulur. Bu konsepsiyanı həyata keçirməklə həm aqrar sektor inkişaf etdirilir, həm də idarəetmə sistemində elektronlaşmanın və şəffaflığın təmin olunmasına, qərarların çevik qəbul edilməsinə nail olunur. Bundan başqa, “ağıllı kənd” layihəsi, eyni zamanda, insanlara kənddə pul qazanmaq imkanı da yaradır. Hər bir ölkə vətəndaşının olduğu kimi, kənd sakinlərinin də dövlət xidmətlərinə çıxışı olmalıdır və bütün bu məsələləri həll etmək üçün dünyada innovativ kənd layihələrindən istifadə edilir. “Ağıllı kənd” məşğulluğun təmin olunması modeli kimi də çox vacib mexanizmlərdən sayılır. Həm də məskunlaşma prosesinin intensiv aparılmasına, sistemli şəkildə reallaşmasına imkan verir. Qeyd etmək yerinə düşər ki, Avropada elektron təhsil, elektron tibb, alternativ enerji, elektron ticarət və nəqliyyat inkişaf etmişdir.
İşğaldan azad olunmuş ərazilərdə istehlakçıların fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi məqsədilə genişmiqyaslı yenidənqurma və əsaslı təmir-tikinti işləri həyata keçirilir. Bu prosesdə ağıllı konsepsiyalardan da istifadə olunur.
Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı qarşıya qoyduğu tələblərə uyğun olaraq, Suqovuşandakı 2 kiçik su elektrik stansiyasında yenidənqurma, təmir və bərpa işləri yekunlaşmışdır. Ümumilikdə, işğaldan azad olunmuş ərazilərin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi istiqamətində işlər uğurla davam edir. İşğaldan azad olunmuş ərazilərdə alternativ enerji mənbələrindən də geniş istifadə edilməsi nəzərdə tutulur. Belə ki, “Yaşıl enerji zonası” konsepsiyasına əsasən Fizuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarında Günəş elektrik stansiyalarının tikintisi üçün ümumi sahəsi 14 min 427 hektar və güc qoyuluşu potensialı 7214 meqavat olan 8 perspektiv ərazi müəyyən edilmişdir. Hər bir ərazi üzrə düşən Günəş radiasiyasının miqdarına görə gözlənilən enerji istehsalı müəyyənləşdirilmişdir.

