Cəmiyyət 

Yeni sosial paket əhalinin rifahını daha da yaxşılaşdıracaq

Respublikamızda uğurla reallaşdırılan sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı, əhalinin rifahının təminatı prinsipi dayanır.    İqtisadi islahatlar güclü sosial siyasətlə tamamlanır. Son illərdə bu istiqamətdə ciddi irəliləyişlərə nail olunub, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl addımlar atılıb. Prezident İlham Əliyev 2022-ci il yanvarın 12-də yerli televiziyalara müsahibəsində bir daha bildirib ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində insan amili olduğu üçün daim sosial sahəyə xüsusi diqqət göstərilir: “Həm maaşların, pensiyaların, təqaüdlərin qaldırılması, həm də sosial obyektlərin yaradılması, şəhid ailələrinə, keçmiş məcburi köçkünlərə diqqətin göstərilməsi kimi sosial paket imkan verirdi ki, biz iqtisadi islahatları uğurla həyata keçirək. Ötən il qəbul edilmiş qərarın məqsədində bu amil dayanır”.

Ölkəmizdə davamlı olaraq həyata keçirilən, bütün sahələri əhatə edən islahatlar öz bəhrəsini verir. Həyata keçirilən Dövlət proqramlarının, çoxşaxəli islahatların real nəticəsi olaraq ölkə iqtisadiyyatında, xüsusən qeyri-neft sektorunda ciddi uğurlar əldə edilib.  Respublikamızda ötən il iqtisadi artımın 5 faizdən çox, qeyri-neft sənayesinin 20 faizə yaxın, qeyri-neft iqtisadiyyatının 7,2 faiz, valyuta ehtiyatlarının 2,5 milyard dollar, qeyri-neft ixracının 40 faizdən çox artması bunun əyani təsdiqidir.

Azərbaycanda dayanıqlı iqtisadi inkişafın nəticələrinin, əldə olunan iqtisadi dividendlərin ilk növbədə əhalinin güzəranının yüksəldilməsinə yönəldilməsi, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm addımların atılmasında real ifadəsini tapır. Ölkə başçısının tapşırığı əsasında reallaşdırılan yeni sosial islahatlar paketi çərçivəsində 2022-ci ilin əvvəlindən ölkədə əməkhaqlarında növbəti artımlar edilməsi də bunun əyani təsdiqidir. Belə ki, minimum aylıq əmək haqqının 250 manatdan 300 manata çatdırılması ilə əlaqədar 800 min işçinin, o cümlədən maaşları Vahid Tarif Cədvəli (VTC) üzrə müəyyən olunanların əməkhaqqı orta hesabla 20 faiz artıb. VTC üzrə işçilərdə orta aylıq əməkhaqqı 387 manatdan 465 manata çatıb. Hazırda həmin cədvəlin ilk pilləsi üzrə əməkhaqqı 300 manat, ən yüksək – 19-cu pilləsi üzrə əməkhaqqı 979 manatdır. Minimum əməkhaqqı artımı üçün dövlət büdcəsindən ayrılan əlavə illik vəsait 460 milyon manat təşkil edir.  2022-ci ilin əvvəlindən 165 min müəllimin əmək haqqında da orta hesabla 20 faiz artım olub və onların əməkhaqqı orta hesabla 550 manatdan 660 manata çatdırılıb.  Bundan başqa, əlilliyə, yaşa, ailə başçısını itirməyə görə, sağlamlıq imkanları məhdud uşaqlar və b. üçün aylıq sosial müavinətlər orta hesabla 25 faiz, birdəfəlik müavinətlər orta hesabla 46 faiz artırılıb. Ümumilikdə 722 min şəxsin (o cümlədən 132 min tələbənin) rifahına dəstək olan bu artımlar üçün də illik əlavə 194 milyon manat ayrılıb.

Sosial islahatlar paketi həmçinin hərbi qurumlar və hüquq-mühafizə orqanlarında xidmət keçən bir sıra şəxsləri də əhatə edib. İlin əvvəlindən onların aylıq vəzifə maaşlarına 20 faiz əlavə olunur. Bu qurumların mülki işçilərinin vəzifə maaşları da 20 faiz artırılıb. Ümumilikdə 2022-ci il üzrə əməkhaqqı, pensiya və digər sosial ödənişlərin artımını nəzərdə tutan islahatlar paketi 3,4 milyon şəxsi əhatə edir. Bu artımlar üçün ayrılan illik əlavə vəsait 2,1 milyard manatdır.

Göründüyü kimi, bütün uğurların təməlində dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən iqtisadi strategiya dayanır. Uğurla reallaşdırılan islahatların sayəsində yaranan əlavə iqtisadi imkanlar bundan sonra da ölkəmizdə sosial siyasətin daha da güclənməsi üçün mühüm maliyyə mənbəyi rolunu oynayacaq. Bu da öz növbəsində insanların sosial rifahının yaxşılaşdırılması üçün kompleks tədbirlər görülməsinə əlverişli şərait yaradacaq. Bütün bunlar ölkəmizdə sosial firavanlığın təminatı istiqamətində mühüm addımların gələcəkdə də davam edəcəyinə əminlik yaradır.

Daha çox xəbərlər