Xocavəndin strateji möveyə malik olan Qırmızı Bazar qəsəbəsi
Qırmızı Bazar qəsəbəsi Xocavənd rayonun ərazisində Köndələnçayın (Arazın qolu) sahilində yerləşir. Böyük Kirs dağının aşağı ətəklərində yerləşən qəsəbə əlverişli coğrafi şəraitə və relyefə malikdir. Ərazidə təbii bulaqlar, enliyarpaqlı meşələr üstünlük təşkil edir. Qəsəbə ərazisində diametri 600 sm, hündürlüyü 25 m, 2000 il yaşı olan qədim çinar ağacları hələ Sovet dövründə tarixi nümunə kimi qorunurdu.
Qəsəbənin yaşayış ərazisi keçmişdə bazar yeri olmuşdur. 1924-cü ildə ilk dəfə burada 1 May Həmrəylik günü keçirilmiş və həmin vaxtdan da bu yer Qırmızı Bazar adlanmısdır. Tədricən ətraf kəndlərdən köçüb gələnlər məskunlaşdıqdan sonra daimi yaşayış məntəqəsinə çevrilmişdir. İşğaldan öncə burada çaxır zavodu və Xocavənddəki yağ-pendir zavodunun bir sexi fəaliyyət göstərib. Həmçinin qəsəbədə üzümçülük təsərrüfatı, orta məktəb, kitabxana , klub, uşaq bağçası, kinoteatr, xəstəxana, park və stadion olub. Bağçılıq və meyvəçilik inkişaf etmişdir.
Qırmızı bazar qəsəbəsi həm hərbi-coğrafi, həm də, iqtisadi sosial baxımdan strateji məkanda yerləşir. Xankəndi –Xocavənd şəhərlərini birləşdirən və Füzuli rayonu ərazisindən keçməklə rayonun Hadrut qəsəbəsini birləşdirən strateji əhəmiyyətli magistral avtomobil yolunun üzərində yerləşir. Eyni zamanda cənub-şərq istiqamətindən Şuşa şəhərinə ən yaxın məsafədə yerləşən böyük yaşaylş məntəqəsi olması və Şuşaya gedən yolun üzrində yerləşməsi bu məntəqənin strateji əhəmiyyətini artırır. Xocavənd rayonunun demək olar ki, ərazi baxımından tam mərkəzi hissəsini əhatə etdiyinə görə həm cənub, həm də şimal hissəsindəki yaşayış məntəqələrinə gedən yolların əksəriyyəti bu qəsəbədə birləşir və ya ayrılır.

