Fındıq yığımına başlanılıb

ARANTV.AZ xəbər verir ki, Respublikada fındıq istehsalının böyük hissəsi şimal-qərb bölgəsinin payına düşür. Bu regionda 15 min hektara yaxın fındıq bağı var ki, bunun da 8 min hektarı Xaçmaz rayonundadır. Xaçmazlı təsərrüfatçılar avqustun ilk günlərindən etibarən fındıq bağlarında məhsul yığımına başlayıblar.

Həbibkənd kənd sakini Vahid Ömərov digər xaçmazlılar kimi istifadəsindəki torpaq sahəsində bir çox meyvələr yetişdirir. O, fındığın digər meyvələrlə müqayisədə az zəhmət tələb etdiyini, lakin qazanclı olduğunu bildirir. Məsələn, şaftalıya, almaya mövsüm ərzində dəfələrlə dərman vurulursa, fındıq bağlarında buna ehtiyac yoxdur. Bu səbəbdən təsərrüfatçı artıq 10 ildir ki, fındıqçılıqla da məşğuldur.

Daha çox yerli sortlara üstünlük verən təsərrüfatçının fındıq bağlarında bu il də bol məhsul var. Yüksək məhsuldarlığın başlıca səbəbi isə vaxtlı vaxtında aqrotexniki qulluq və suvarmadır. Rayonun bir çox kəndlərində yaşayan torpaq mülkiyyətçiləri kimi Həbibkənd camaatı da bağların suvarılmasında kəndin yaxınlığından keçən Samur-Abşeron kanalından istifadə edir. Bu il dağlarda yağıntı çox olduğu üçün suvarmada heç bir çətinlik olmayıb. Nəticədə məhsuldarlıq da yüksəkdir.

Hər fındıq ağacından 10-12 kiloqram məhsul yığmaq mümkündür. Böyük təsərürfatlarda məhsulun yığımı üçün əlavə işçi qüvvəsinə ehtiyac yaranır. Bu baxımdan, rayondakı fındıq bağları həm də mövsümü iş yeridir. Fındıq bağlarında çalışan işçilər hər gün 100 kq-dan çox məhsul yığırlar.

Hazırda Xaçmaz bağlarında məhsul yığımı ilə yanaşı, fındığın qabıqdan təmizlənməsi və qurudulması prosesi də həyata keçirilir. Satış məsələsinə gəldikdə isə, hazır məhsul əsasən fındıq qəbulu məntəqələrinə satılır. Qeyd edək ki, Xaçmaz respublikada fındıq bağlarının artırılması nəzərdə tutulan 12 rayondan biridir. Ölkə üzrə 40 min hektar yeni fındıq bağlarının salınması nəzərdə tutulur ki, bunun da 5 min 16 hektarı Xaçmaz rayonunun payına düşür.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.