Pirili-Muradxan-Sor-Sor avtomobil yolunun yenidən qurulması yekunlaşmaq üzrədir

ARANTV.AZ xəbər verir ki, Dövlət başçısının tapşırıq və sərəncamlarına uyğun olaraq, yol infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən işlərin həcmi artmaqdadır. Kürdəmir rayonunda Pirili-Muradxan-Sor-Sor avtomobil yolunun yenidən qurulması yekunlaşmaq üzrədir.

Başlanğıcını Bakı-Ələt-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 184-cü km-dən götürən Pirili-Muradxan-Sor-Sor avtomobil yolunun keçdiyi yaşayış məntəqələri 8 mindən çox əhalini əhatə edir. Əvvəllər kəndlər arasında gediş-gəliş çətin olub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən ərazilərdə ümumilikdə 34 km uzunluğuna malik Pirili-Muradxan-Sor-Sor avtomobil yolunun yenidən qurulması həyata keçirilir. Yolun təqribən 20 km-i deformasiyaya uğramış çınqıl örtük olduğu üçün həmin hissədə yol yatağı qazılaraq çıxarılıb, 10 metr enində yeni yol yatağı inşa edilir. Ərazidə yolun profilə salınması, bitki qatının təmizlənməsi, yolun normativ eninin alınması üçün torpaq yatağının genişləndirilməsi işləri görülüb.  Xüsusi qruntla yeni yol yatağı və yol əsası inşa edilib. Texnoloji ardıcıllıqla aparılan tikinti işlərinin növbəti mərhələsində asfaltlanma işlərinə başlanılıb. Layihə çərçivəsində yol boyu yararsız vəziyyətdə olan suötürücü borular yeniləri ilə əvəzlənib. Bundan başqa 2 avtomobil körpüsünün əsaslı bərpası da görülən işlər sırasındadır.

Yol boyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə avtobus dayanacaqlarının tikintisi, yol nişanı və digər məlumatverici lövhələrin quraşdırılması işləri də aparılacaq. Yolun yenidən qurulması yaxın aylarda tam olaraq yekunlaşdırılacaq.