20 Yanvar günü Azərbaycan xalqının tarixinin faciəli, kədərli səhifəsi olduğu kimi, eyni zamanda qəhrəmanlıq, rəşadət səhifəsidir.
Azərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 36 il ötür. Ancaq həmin o məşəqqətli günlər hər birimizin yaddaşına əbədi həkk olunub. Həmin gün Azərbaycan tarixində qanla yazılmış bir səhifədir.20 Yanvar yaxın keçmişimizdə yaşamış olduğumuz ən faciəvi günlərdən biri olsa da, xalqımızın yaddaşına həm də qəhrəmanlıq tarixi kimi daxil oldu.20 Yanvar Azərbaycan tarixinin qanlı səhifəsi olmaqla bərabər, həm də xalqımızın qəhrəmanlıq salnaməsidir. Həmin gün uzun illər imperiya əsarəti altında yaşayan xalqımız azadlığına qovuşmaq üçün canından belə keçməyə hazır olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. 20 Yanvar hadisələri totalitar Sovet rejimi tərəfindən Azərbaycanda xalqa, demokratik proseslərə qəsd, öncədən planlaşdırılmış, respublikanın suveren hüquqlarını, ümumiyyətlə, insan haqlarını pozan cinayət idi.
Hər il Ümumxalq Hüzn günü kimi geniş qeyd edilən 20 Yanvar faciəsi Azərbaycan tarixində təkcə faciə deyil, istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların altında əzmək idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu qıra bilmədi.1990-cı il 20 Yanvar hadisələri Azərbaycan xalqının milli bütövlüyünü təsdiqləyən ən böyük hadisələrdən biri kimi tarixin yaddaşına əbədi həkk olundu. Bu faciə xalqı yumruq kimi birləşdirdi və bütün dünya azərbaycanlılarının gücünü ifadə etdi. 20 Yanvar faciəsi nəinki Azərbaycanı, bütün dünyanı lərzəyə gətirsə də, yerli hakimiyyət orqanları baş verənlərin üzərindən sükutla keçməyə üstünlük verir, xalqın milli faciəsinə laqeyd münasibətlərini ortaya qoyaraq Kremlin qəzəbinə tuş gəlmək istəmirdilər. O ağır və faciəli günlərdə 20 Yanvar hadisələri ilə bağlı Moskvada vətəndaş qeyrəti və həqiqi vətənpərvərlikdən doğan cəsarətli bəyanatı ilə, məhz Heydər Əliyev xalqımızın haqq səsini dünyaya çatdırdı. İlk olaraq Azərbaycan xalqına qarşı soyqırımı aktının həyata keçirildiyini cəsarətlə bütün dünyaya bəyan edən Heydər Əliyev oldu. Dünya azərbaycanlılarının bir millət kimi mütəşəkkilliyinə təkan verən bu bəyanat həmvətənlərimizi xalqın taleyi üçün tarixi məsuliyyəti daşımaq qüdrətində olan yeganə siyasi xadim və milli lider ətrafında birləşdirdi. Baş verən hadisələri hüquqa, demokratiyaya, dövlət quruculuğu prinsiplərinə zidd hesab edən Heydər Əliyev yüzlərlə insanın qətlə yetirilməsini Azərbaycan xalqına qarşı cinayət adlandıraraq hadisəyə siyasi qiymət verilməsini tələb etdi. Azərbaycan xalqına qarşı tətbiq edilən bu vəhşilik əks-təsir yaratmış və müstəqil Azərbaycan Respublikasının qurulmasında dönüş nöqtələrindən biri olmuşdur. Bu faciədən sonra Azərbaycan xalqı səsini daha da yüksəklərə çatdırmaq üçün səy göstərmiş, 18 oktyabr 1991-ci ildə müvəffəqiyyət qazanaraq, müstəqilliyini bütün dünyaya elan etmişdir.1993-cü ildə ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması məsələsi istiqamətində mühüm addımlar atıldı. 20 Yanvar faciəsinin xalqımızın tarixində yeri və rolu, bu faciənin əbədiləşdirilməsi və bütün dünya ictimaiyyətinə çatdırılması yönündə mühüm işlər görülmüşdür.Ümummilli liderin 1994-cü il yanvarın 5-də 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı verdiyi Fərmanda Azərbaycan Respublikasının Milli Məclisinə faciəyə tam və əsaslandırılmış siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu. Milli Məclis 1994-cü il martın 29-da 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında qərar qəbul etdi. Bununla da Prezident Heydər Əliyevin təşəbbüsü və təkidi nəticəsində 20 Yanvar faciəsinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verildi.Şübhəsiz, 20 Yanvar tarixdə bir faciə, dəhşətli bir terror aktı kimi qaldı. Amma bununla bərabər, Prezident İlham Əliyevin də vurğuladığı kimi, 20 Yanvar günü həm də Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Həmin məşəqqətli gündə bütün hədələrə, təhdidlərə, ölümlə üz-üzə dayanmasına baxmayaraq, xalqımız, müstəqillik, azadlıq uğrunda lazım gələndə şəhid ola biləcəyini də göstərdi. Xalqımızın azadlığa və zəfərlərə gedən yolunun başlanğıcı da məhz 20 Yanvar gecəsi qoyuldu. Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Zəfər Azərbaycanın çoxəsrlik tarixində ən parlaq qələbəsi oldu.Elə buna görə də, 20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək, Şəhidlərimizin əziz ruhu daim anılacaq, onların əziz xatirəsi qədirbilən Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.
Bərdə şəhər Alı Mustafayev adına 5№li tam orta ümumtəhsil məktəbinin Təlim tərbiyə işləri üzrə direktor müavini Baxşaliyeva Aynur

