“Ümumi təhsil haqqında” yeni qanun layihəsi hazırlanır
ARANTV.AZ xəbər verir ki, “Ümumi təhsil haqqında” yeni qanun layihəsi hazırlanır. Layihə Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq. Milli Məclisin Elm və təhsil komitəsinin iclasında qeyd olunub ki, bunun ardınca “Təhsil kreditləri haqqında” qanun layihəsi hazırlanacaq.
Ümumi təhsil təhsilimizin mühüm bir mərhələsini təşkil edir. Təhsilin bu pilləsinin hüquqi bazası “Təhsil haqqında” qanunda əksini tapsa da, zaman təkmilləşməni tələb edir. Bu baxımdan da “Ümumi təhsil haqqında” yeni qanun layihəsi hazırlanır. Milli Məclisin Elm və Təhsil komitəsinin üzvləri, Təhsil Naziliyi və əlaqədar qurumların təmsilçilərindən ibarət işçi qrup yaradılıb və sənədin ilkin versiyası üzrə işlər yekunlaşıb. Layihənin hazırlanmasında əsas hədəf Azərbaycançılıq məfkurəsi, milli təhsil strategiyasının həyata keçirilməsidir. 5 fəsil, 26 maddədən ibarət layihənin ilkin variantı işçi qrupda müzakirə də olunub. Layihə hazırlanarkən dünya təcrübəsi, ölkəmizin reallığı öyrənilib, araşdırılıb və müvafiq sayılan məsələlər layihədə əskini tapıb. Diqqət yetirilən məslələrdən biri ölkəmizdəki özəl məktəblərin fəaliyyəti ilə bağlı olub. Bununla əlaqədar sənəddə ayrıca müddəalar da əskini tapıb.
Layihə Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq. Növbəti mərhələdə isə cəmiyyətin sosial sifarişi kimi meydana çıxan “Təhsil kreditləri haqqında” yeni qanun layihəsi hazırlancaq. Komitə sədri bu məsələnin aktual olduğunu vurğulayaraq dedi ki, Milli Məclisdə qəbula gələn gənclərin 99 faizi təhsil haqqları ilə bağlı müraciət edir. Hüquqi tənzimlənmə məsələnin həllində böyük dəstək olacaq. Belə bir təcrübə dünyada mövcuddur və özünü doğruldub. Azərbaycanda da ölkənin reallığına uyğun həyata keçirilə bilər. Düzdür, Təhsil Naziliyində Maarifçi Tələbə, Təhsil Kredit Mərkəzi yaradılıb. Artıq 14-dək Ali Təhsil müəssisəsi də bu işə qoşulub. Hələlik bu ali təhsil məktəblərinin məhdud maliyyə imkanları çərçivəsinə həyata keçrilir. Lakin Azərbaycanın gələcəyinə aid məsələyə ölkənin bank sektoru, maliyyə qurumları, sponsorlar, sahibkarlar da qoşulmalıdır. Komitədə ikinci hazırlancaq sənəd isə “Ali Təhsil haqqında” qanun layihəsi olacaq. İclasda “Elm” və “Təhsil” haqqında qanunlara təklif olunan dəyişikliklərə də baxıldı və Milli Məclisin plenar iclasına tövsiyyə edildi. “Təhsil haqqında” qanuna əlavə olunan yeni bənddə bildirilir ki, müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi orqanın təsis etdiyi təhsil qrantı proqramı üçün ölkələri, ölkələr üzrə kvotaları, namizədlərin seçim meyarlarını və bunların əsasında qrant alacaq şəxslərin siyahısını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan müəyyənləşdirir. Qanuna edilən dəyişiklik dövlət başçısnın “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi haqqında” 2017-ci il 6 dekabr və “Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi haqqında” 2018-ci il 10 yanvar tarixli sərəncamlarının icrası məqsədilə təklif olunur.

