Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Moskvada “Azərbaycanın payız sovqatları” adlı şəhərcik açılıb
ARANTV.AZ xəbər verir ki, Moskvada Heydər Əliyev Fondunun və Azərbaycanın Rusiyadakı səfirliyinin təşkilatçılığı, Moskva hökuməti və Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi ilə “Azərbaycanın payız sovqatları” adlı şəhərcik açılıb. Açılış mərasimində iki ölkənin rəsmi nümayəndələri iştirak edib.
“Azərbaycanın payız sovqatları” adlı şəhərcikdə mədəniyyətimizin tanıtımı çərçivəsində konsert və sərgilər də təşkil olunur. Burada həmçinin izləyicilərə Azərbaycanın müxtəlif milli sənətkarlıq nümunələrinin hazırlanması, milli rəqslər, eləcə də musiqi alətlərində ifa üzrə ustad dərsləri keçiləcək. Şəhərcikdə Azərbaycan mətbəxini təqdim edən restoranlar, çay evi, ölkəmizdə istehsal olunan müxtəlif məhsulların satışı da təşkil edilir. Şəhər sakinlərinə “I Love Baku” milli suvenir brendi və Heydər Əliyev Fondunun müxtəlif nəşrləri təqdim olunur. Bundan başqa səhərciyin fəaliyyət göstərdiyi günlərdə burada milli musiqidən ibarət proqram olacaq. Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun da iştirak etdiyi açılış mərasimində çıxış edən Moskva Hökumətinin naziri, Moskva şəhər ticarət və xidmət Departamentinin rəhbəri Aleksey Nemeryuk belə tədbirlərin keçirilməsinin iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişafında oynadığı roldan danışdı. Dedi ki, həm yerli sakinlər, həm də turistlər buraya gələrək Azərbaycanla yaxından tanış ola bilərlər. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu isə ölkələrimiz arasında əməkdaşlığın iqtisadi-ticarət sahəsi də daxil olmaqla inkişaf etdiyini vurğuladı.
Moskvanın mərkəzi Tver meydanında açılan “Azərbaycanın payız sovqatları” şəhərciyində 17 ticarət pavilyonu fəaliyyət göstərir.

