10 il davam edən uğursuz eksperiment – bağçalarda nələr dəyişilməli…
2011-ci ildə Prezidentin sərəncamı ilə məktəbəqədər təhsil müəssisələri, uşaq bağçaları və (körpələr evi yenə də İH balansında qalıb) Təhsil Nazirliyinin balasından çıxarılaraq icra hakimiyyətlərinin tabeliyinə verildi. Bunun əsas səbəb o idi ki, bağçaların maddi-texniki bazası, eyni zamanda təmir-tikinti bərpa işlərinin həyata keçirilməsi üçün daha çevik qərar qəbul etmək lazım idi.
Amma uşaq bağçaları icra hakimiyyətlərinə verildikdən sonra bəzi hallarda icra hakimiyyətləri tərəfindən özəlləşdirildi, təmir adı ilə söküldü və yerində binalar, şadlıq evləri və restoranlar tikildi. Bu isə təlim-tərbiyə prosesinin fəaliyyətinə birbaşa mənfi təsir etdi. O cümlədən aparılan yoxlamalar zamanı bu müəssisələrdə daima uşaqların qida təminatını ilə bağlı ciddi pozuntular aşkarlanırdı. Bu struktura qəbulla bağlı da ciddi korrupsiya faktları vardı.
İnkişaf etmiş ölkələrdə təhsilin ən əsas pilləsi ilkin olaraq məktəbəqədər təhsil müəssisəsi sayılır. Uşağın idrakı və təfəkkürü formalaşır, uşağın özünü aparması, müəyyən bilikləri, sanitariya-gigiyena qaydalarına əməl etməsi, pozitiv davranışlara əməl etməsi bu pillədə yaranır. Amma bir çox subyektiv səbəblərdə bəzi uşaqlar məktəbəqədər təhsil müəssisəsindən kənarda qalırlar. Bu baxımdan 10 il davam edən uğursuz eksperimentdən sonra bağçaların Təhsil Nazirliyinə verilməsi məqsədəuyğundur. Uşaqlarımızın məktəbə hazırlıq dövrü məhz bağçadan başlayır. Bilavasitə Təhsil Nazirliyinin nəzarəti altında bağçaların inkişafına, təlim-tərbiyə işlərinin daha da yüksəldilməsinə nail olmaq lazımdır. Əsas olan uşaq bağçalarının sayı, keyfiyyətin yüksəldilməsidir.
Onu da nəzərə çatdıraq ki, ölkədə 1825 uşaq bağçası var. Onlardan 1692-si dövlətə məxsusdur. Orada 126 mindən çox uşaq tərbiyə alır. Azərbaycanda 133 özəl bağça fəaliyyət göstərir. Orada 5124 uşaq var. İlin əvvəlinə olan məlumata görə, bağçalarda 17 218 nəfər işləyir.
Məsələyə ekspertlərin mövqeyini öyrəndik.
Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a şərh verib: “2011-ci il Prezidentin sərəncamı ilə məktəbəqədər təhsil müəssisələri, uşaq bağçaları və körpələr evi Təhsil Nazirliyinin balasından çıxarılaraq icra hakimiyyətlərinin tabeliyinə verildi. Bunun əsas səbəb o idi ki, bağçaların maddi-texniki bazası, eyni zamanda təmir-tikinti bərpa işlərinin həyata keçirilməsi üçün daha çevik qərar qəbul etmək lazım idi. Çünki Təhsil Nazirliyi bu sahədə həmin dövrdə müəyyən qədər axsayırdı. Sonradan məlum oldu ki, bu, bağçalara ciddi təsir göstərdi. 2011-ci ildə uşaq bağçaları icra hakimiyyətlərinə verildikdən sonra bəzi hallarda bağcalar icra hakimiyyətləri tərəfindən özəlləşdirildi, təmir adı ilə söküldü, yerində binalar, şadlıq evləri və restoranlar tikildi. Bu isə təlim-tərbiyə prosesinin fəaliyyətinə birbaşa mənfi təsir etdi. Bağçaların yenidən düzgün bərpa edilməsi üçün Təhsil Nazirliyinə verilməsi mühüm və müsbət haldır. Hazırda bağçalarda 1123 min uşaq oxuyur. Bu da ümumi uşaqların 25 faizi deməkdir. Dünyadakı ən aşağı nəticədir. Azərbaycanda 90 özəl uşaq bağçası var. Orada təhsil alan uşaqların sayı isə 3500-ə yaxındır. Bağça məktəbin bir pilləsidir. Azərbaycanda biz hələ də bağçanı təhsil pilləsi kimi qəbul etmirik. Bu, yanlışdır. Bağçalar Təhsil Nazirliyinə verilməlidir ki, bəzi proseslər hansı ki, indi məktəblərdə keçirilir, o proseslər bağçada tətbiq olunsun. Özəl bağçalardan məktəbə gedən uşaqlar çox məqamı bilir, amma dövlət bağçasından məktəbə gedənlər bunları bilmir. Nəticədə balans pozulur. Vahidliyin və varisliyin qorunması üçün bağçalar yenidən Təhsil Nazirliyinin tabeliyində olacaq ki, bu da təhsilin inkişafına müsbət təsir edəcək. Dünya təcrübəsində məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyi yanında yaradılmış bir quruma verilib. Əsas məsələ bağçaların necə qurulması, uşaqların orada necə qidalanması, gigiyenik-sanitar qaydaların və təchizatın normal olması çox vacibdir. Azərbaycanda elə bölgələr var ki, bağçalar çox bərbad vəziyyətdədir. İşə qəbul prosesi şəffaf deyil, tədris resursları yoxdur. Amma Təhsil Nazirliyinə verildikdən sonra bu hallar aradan qalxacaqdır”.

Kamran Əsədov: “Bağçaların necə qurulmasına, uşaqların qidalanmasına, gigiyenik-sanitar qaydalara və təchizata diqqət ayrılmalıdır”
Qeyd edək ki, ötən gün təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib ki, uşaq bağçalarına işə qəbul test imtahanı ilə olacaq. O qeyd edib ki, dövlət məktəbəqədər təhsil müəssisələrində (uşaq bağçaları) tədris aparacaq şəxslərin işə qəbulu müəllimlərin işə qəbulu üzrə tətbiq olunan oxşar prinsiplə həyata keçiriləcək: “Həmin müəllimlərin və ya tərbiyəçilərin müxtəlif ixtisasartırma kurslarına cəlbi də mümkündür. Məzmun dəyişiklikləri də olmalıdır”.
Təhsil eksperti Elçin Əfəndi də mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bildirib: “2011-ci ildə uşaq bağçaları və digər uşaq evləri icra hakimiyyətlərinin balansına verilmişdi. İndi uşaq evlərini saxlamaq şərtilə digərləri yenidən Təhsil Nazirliyinə qaytarıldı. Biz keçən on illik bir müddətdə bağçaların inkişaf etmədiyini müşahidə etdik. Eyni zamanda, bağçalarda çoxlu yeyinti halları, korrupsiya faktları üzə çıxdı. Bəzən icra hakimiyyətləri tərəfindən bağça müdirləri təyin olundu. Müəllimlər işə götürüldü, işə qəbul olundu. Korrupsiya ilə, rüşvət alaraq işə qəbul aparıldı. Nəticə etibarilə həmin bağçalar icra hakimiyyətlərinin sayəsində bərbad günə salındı. Uşaqların bilik və bacarıqlarını inkişaf etdirmək əvəzinə illəri itirdik. İndi bağçaların Təhsil Nazirliyinə verilməsi ilə qarşıdakı dövrdə yeni uşaq bağçalarının yaradılması, şəffaf pedaqoji heyətin formalaşdırılması təmin edilməlidir. Eyni zamanda bağça müdirləri hansısa məmurların qohumu olmamaq şərtilə tam şəffaf qaydada təyin olunmalıdır ki, biz övladlarımızın ilkin təməl biliklərinin formalaşmasında müəyyən müsbət addımları müşahidə edə bilək. Əks halda, icra hakimiyyətlərinin dövründəki vəziyyətdən heç nə ilə fərqlənməyəcək. Biz dəfələrlə şahidi olduq ki, icra hakimiyyətinin balansında olan bağçalarda uşaqların qidaları belə oğurlanıb satılırdı. Eyni zamanda bağçalar başqa fəaliyyətə yönəldilmişdi. Onların binalarında hazırkı məktəbəqədər hazırlıq keçirilmirdi. Tamamilə fərqli istiqamətdə həmin binalar istismar olunurdu. Amma düşünürəm ki, bütün bunların hamısını Təhsil Nazirliyi diqqətə alıb, məktəbəqədər hazırlığın inkişafına nail ola biləcək”.

Elçin Əfəndi: “Bağça müdirləri hansısa məmurun qohumu olduğuna görə yox, şəffaf qaydada təyin olunmalıdır”
Əfəndi onu da əlavə edib ki, təhsilin bu pilləsində müəyyən nailiyyətlər əldə etmək istəyiriksə, başlıca olaraq düzgün idarəetmə forması tətbiq olunmalıdır: “İstər rəhbər heyətin seçilməsində, onların yerləşdirilməsində, eyni zamanda pedaqoji heyət güclü olmalıdır ki, biz uşaqların gələcəyinin bünövrəsini sağlam qura bilək. Yaxşı olar ki, bağçalarda tədricən gələcəkdə ingilis dili bölmələrinin açılmasını da düşünsünlər, bu istiqamətdə addımlar atsınlar. Məktəbəqədər hazırlıqda ingilis dilini tətbiq etsək, gələcək üçün uğurlu bir yatırım etmiş olarıq. Çünki artıq ölkəmizdə istər ali təhsil müəssisələrində, istərsə də orta ümumtəhsil müəssisələrində ingilis bölmələrinə maraq artır. Dediyim bu faktlar olmayacaqsa, yenidən əvvəlki icra hakimiyyətlərinin balansında necə idisə, olduğu kimi saxlanılacaq. Təsəvvür edin ki, əvvəl bağçalarda uşaqlar məktəbəqədər hazırlığa yazıla bilmirdilər. Bağça müdirləri müəyyən pul qarşılığında uşaqları bağçalara yerləşdirirdilər, digər uşaqları bağçalara yerləşdirmək mümkün olmurdu. Şəffaf yerləşdirmə sistemi tətbiq olunmalıdır. Necə ki, biz birinci siniflərin orta ümumtəhsil müəssisələrinə qəbulunda bu prosesi görürük. Düşünürəm ki, bağçalarda da bunu tətbiq etmək lazımdır”.
Təhsil naziri Emin Əmrullayev özəl bağçaların fəaliyyəti barədə jurnalistlərə açıqlama verib. O qeyd edib ki, özəl bağçalarda olan nöqsanların mahiyyəti üzrə aidiyyəti qurumlara müraciət etmək lazımdır: “Oranın keyfiyyəti xoş deyilsə, valideyn övladını digər bağçaya qoya bilər. Orada olan tədris və tərbiyə ilə bağlı narahatlıq olarsa, Təhsil Nazirliyinə, uşağın döyülməsi faktı olarsa, o zaman hüquq-mühafizə orqanlarına müraciət edilməlidir”. Nazir onu da əlavə edib ki, bağçalara uşaqların cəlbinin icbariliyi yaxın gələcək üçün mümkün deyil: “Uşaqların bağçalara gəlməsini çoxaltmaq əsas istəkdir. Özəl bağçaların artmasını hədəfləyirik”.

