Gündəm 

Alovlu natiq Heydər Əliyevin gur səsi zalları titrədirdi…

Ulu öndərimiz Heydər Əliyev cəmiyyətimizin bütün sahələri ilə bərabər, ana dilimizin inkişafına xüsusi əhəmiyyət verirdi. Bu barədə çox yazmaq, çox danışmaq olar.

1972-ci ilin ortalarında tanınmış yazıçılardan birinin  “Yoldaş  Əliyev, Siz azərbaycanca nə gözəl danışırsınız” deyərək təəccübünü bildirəndə Heydər Əliyev gülümsəyərək ona  belə cavab vermişdi: “Sən niyə mənim rusca gözəl danışmağıma deyil, azərbaycanca danışmağıma təəccüb edirsən? Bu dil mənim ana dilimdir, mən bu dili bilməliyəm! Eləcə də hamımız”.

Bu, sadəcə gəlişigözəl sözlər deyildi.  Böyük rəhbərin həmin cavabı ilə  Sovet dövlətinin təzyiqi ilə Azərbaycan  dilinə uzun müddət davam edən soyuq münasibət tamamilə dəyişdi.   Azərbaycan xalqı üçün fərəhli idi ki, Ümummilli Liderimiz sözün əsl mənasında təkzibolunmaz faktlarla səlis və məntiqli danışan alovlu tribun idi. SSRİ-də onun nitqlərini heyranlıqla dinləyirdilər. Gur səsi, yüksək intonasiyası, rəvan nitqi böyük zalları belə titrədirdi. Hətta Kremldə yüksək vəzifədə işləyən ruslar və qeyri-millətlərin nümayəndələri Heydər Əliyevin natiqliyinə həsəd aparırdılar. Milliyətcə rus olan partiya xadimlərindən biri etiraf etmişdi ki, Heydər Əliyev rus dilini biz ruslardan yaxşı bilir və danışır.

Fəxrlə xatırlamalıyıq ki,  Ulu Öndər Azərbaycan dilini də incəliklərinə qədər bilirdi.  Heydər Əliyev haqlı olaraq belə hesab edirdi ki, Azərbaycanın milli ruhunun yüksəlişinə təkan verən şərtlərdən biri ana dilində təhsilin daha da genişləndirilməsidir. Bu prosesin inkişaf etdirilməsi məqsədilə 1969-1982-ci illərdə respublikanın bütün şəhərlərində, kənd və qəsəbələrində yüzlərlə uşaq bağçası və məktəb tikilib istifadəyə verildi. Ölkədə fəaliyyət göstərən ali məktəblərin sayı bir neçə ildə 12-dən 17-yə çatdırıldı. Ali təhsil alan tələbələrin sayı isə 70 min nəfərdən 100 min nəfərə yüksəldi.

O zaman SSRİ-də dövlət dili rus dili sayılsa da Heydər Əliyev ölkə rəhbərləri ilə gərgin danışıqlar apararaq Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsinə nail oldu.  1978-ci ildə bir çoxlarının müqavimətinə baxmayaraq, Azərbaycan dilinə dövlət dili statusu verildi.  1978-ci il Konstitusiyasında respublikamızda Azərbaycan dili dövlət dili olaraq təsbit edildi. SSRİ kimi bir imperiyada belə addım görünməmiş hadisə hesab olunurdu.

Həmin dövrdən dilimizin inkişafına xüsusi diqqət yetirildi. Tanınmış dilçi alimlər sanballı elmi-tədqiqat əsərləri yazdılar, dərsliklər, dərs vəsaitləri nəşr olundu, Azərbaycan dilinin tədrisi genişləndirildi. Radioda və televiziyada ana dilimizdə verilişlər üstünlük təşkil etdi.

Ölkəmiz ikinci dəfə müstəqillik qazanandan sonra xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ulu Öndərimiz Azərbaycan dilinin saflığının qorunması və daha da zənginləşdirilməsi məqsədilə bir sıra böyük əhəmiyyətə malik  addımlar atdı. Biz indi həmin addımların səməsini görürük. Bu gün dahi rəhbərin siyasi kursunu layiqincə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev ana dilimizin daha da inkişaf etdirilməsinə xüsusi diqqət yetirir.

Prezident İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı buna ən yaxşı sübutdur. Fərmanda deyilir ki, müasir Azərbaycan dili mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə malikdir. Bununla yanaşı, dilimizin hüdudsuz imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları hələ də kifayət qədər geniş yayılmışdır. Televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi az qala adi hala çevrilmişdir. Bu sahədə hüquqi tənzimləmənin və daimi nəzarətin olmaması dil pozuntularına gətirib çıxarır.

Bəli, bu gün həqiqətən də dilimizin zənginliyi radio və televiziya kanallarında  az görünür. Səviyyəsiz verilişlərdə xüsusilə aparıcılar dilimizin qayda-qanunlarını kobud surətdə pozur, bununla da cəmiyyətə zərbə vurmuş olurlar. Onlar nəinki “sözün su kimi lətafətindən” istifadə etmir, əksinə bulaq suyu kimi billur dilimizi korlayırlar. İş o yerə çatıb ki, dövlətimizin başçısı bu sahədə  baş alıb gedən qüsurların və pozuntuların qarşısının alınması üçün xüsusi Fərman imzalamalı olub.

Bir çox telekanallarda dil və ya nitq qüsuru olan aparıcılara rast gəlirik. Düşünürük ki, görəsən bu boyda ölkədə Azərbaycan dilində səlis, rəvan danışan, dilimizin qayda-qanunlarını bilən bir neçə nəfər tapılmırmı ki, ekranı savadsız naşılara tapşırırlar? Bəzi aparıcılar xarici sözləri yersiz işlədərək guya  intellektinin yüksək olduğunu nümayiş etdirir, bununla da dilimizi korlayır, dilin qayda-qanunlarını kobud surətdə pozurlar. Xarici dillərdən tərcümə edilən bəzi  reklamların mahiyyəti düzgün ifadə edilmir. “Aclıq güc gələndə sən o sən deyilsən” və ya “Acmısan? Dayanma, snikerslə” kimi mücərrəd ifadələr başa düşülmür, dinləyicidə və ya tamaşaçıda ikrah hissi  doğurur. Sual olunur: Bir xalqın dili ilə belə məsuliyyətsiz davranmaq olarmı? Onlara bu ixtiyarı kim verib?

Mənəvi xəzinəmiz olan dilimiz bizə ulu babalarımızın bizə qoyub getdikləri ən qiymətli mirasdır. Biz doğma ana dilimizin saflığının qeydinə qalmalı, onu gələcək nəsillərə yad təsirlərdən uzaq, özünəməxsus zənginliyi ilə çatdırmalıyıq. Bu, bizim hər birimizin ən müqəddəs borcumuzdur. Bu gün fəxrlə deyirik ki, doğma dilimiz bizim varlığımız və kimliyimizdir.

Daha çox xəbərlər